Elektron növbə nədir?
Elektron növbə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında göstərilən xidmətlərlə əlaqədar əvvəlcədən növbə təyin edilməsi üçün elektron vasitədir.
Elektron növbədən kimlər yararlana bilər?
Bu xidmətdən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.
Hansı konsulluq xidmətləri üçün elektron növbə götürə bilərəm?
Elektron növbə onlayn qeydiyyat zamanı təqdim edilmiş “Xidmət seçimi” bölməsinə daxil edilən bütün xidmətlərə şamil edilir.
Elektron növbə üçün müraciət zamanı xidmət haqqı nəzərdə tutulur?
Elektron növbənin əldə edilməsi ödənişsiz əsaslarla həyata keçirilir.
Elektron növbə üçün müraciət etdiyim xidmət və tələb olunan sənədlər haqqında daha geniş məlumatı haradan əldə edə bilərəm?
Bu məlumatı müraciət edəcəyiniz diplomatik nümayəndəlik və konsulluğun internet səhifəsindən götürə bilərsiniz.
Necə əmin ola bilərəm ki, elektron növbəm təsdiq edilib?
Elektron növbə ilə bağlı onlayn müraciətinizi tamamladıqdan sonra əlaqə vasitəsi olaraq sistemə qeyd etdiyiniz elektron poçt ünvanına təsdiq barədə bildiriş daxil olacaqdır.
Elektron növbə götürməyimlə bağlı elektron poçt ünvanıma təsdiq bildirişi gəlmədiyi halda nə etməliyəm?
Təsdiq ilə bağlı elektron poçt bildirişi gəlmədiyi halda daxil etdiyiniz elektron poçt ünvanını bir daha yoxlayın. Daxil etdiyiniz elektron poçt ünvanı düzdürsə, onda elektron poçtunuzun “Spam” qovluğunu yoxlayın. Yarana biləcək digər suallarla bağlı müraciət edəcəyiniz diplomatik nümayəndəlik ilə əlaqə saxlaya bilərsiniz.
Elektron növbəni necə dəyişə və ya ləğv edə bilərəm?
Təsdiq məqsədilə sizə göndərilmiş elektron poçtda ləğv et bölməsini seçməklə elektron növbənizi ləğv edə bilərsiniz. Bundan sonra yenidən elektron növbə üçün onlayn müraciət edə bilərsiniz.
Əgər bir neçə xidmətlə bağlı müraciət edirəmsə, bir elektron növbə götürmək kifayətdirmi?
Müraciət olunacaq hər bir konsulluq xidməti üçün əlavə elektron növbə götürülməlidir.
Elektron növbəm ləğv olunarsa nə etməliyəm?
Əgər elektron növbəniz sizin müraciətiniz olmadan ləğv edilibsə, o zaman müraciət edəcəyiniz diplomatik nümayəndəliklə əlaqə saxlayın.
Ailə üzvlərimlə gəlib fərqli konsulluq xidmətləri üçün müraciət edirəmsə bir elektron növbə götürmək kifayətdirmi?
Bu halda xidmətdən asılı olaraq hər bir ailə üzvü üçün ayrı elektron növbə götürülməlidir.
Bir neçə vətəndaşlığım varsa və ya vətəndaşlığım yoxdursa sorğudakı “Vətəndaşlıq” bölməsinə hansı vətəndaşlığımı qeyd etməliyəm?
Bu halda, konsulluq xidməti üçün müraciətinizin “Vətəndaşlıq” bölməsində təqdim edəcəyiniz sənədi rəsmiləşdirən dövlətin vətəndaşlığı və müvafiq olaraq “vətəndaşlığı olmayan şəxs” qeyd olunmalıdır.